Xüsusi yazı

MERÇENDAYZER XANIMLA MÜSAHİBƏDƏN ÖYRƏNDİKLƏRİM

Screen Shot 2016-02-06 at 2.01.11 PM

İnsanın bir çox şeyi özü yaşamadan öyrənməsi mümkün deyil deyirlər. Nədənsə məsləhətlər, tövsiyyələr dinlənilmir və işə yaramaz olur. “Doğru işə doğru insan”ın tapılmasında əmək vermiş biri olaraq təcrübəmi və müşahidələrimi sizinlə bölüşmək istəyirəm.

Peşəkar fəaliyyətimə başladığım zaman işəqəbulun təşkilat üçün önəmli olmasını anlamağım o qədər də uzun müddət almamışdı. Təbii ki, bu sahədə təcrübəsi olmayan biri olaraq mənə daha aşağı məsuliyyətli vəzifələrə şəxslərin tapılması tapşırılmışdı. Satış sahəsində çalışanların yaxından tanıdığı  Mercendayzer vəzifəsinə namizədlərin tapılması öhdəliyini vermişdilər mənə. Yazı qabiliyyətim həyacanımı ifadə edəcək qədər güclü olmadığından, bu vakansiyanın bağlanılmasını mənə həvalə etdikləri zaman keçirdiyim duyğunu sizinlə bölüşə bilmirəm. Bu vakansiyanı bağlamaq üçün seçim kriteriyalarımı müəyyən edib, başladım axtarışa özü də nə başladım. Şəkilli qız CV-ləri, gözəl görkəm, rus dili biliyi, gənc olması, ünsiyyət qabiliyyəti daha nə bilim nələr nələr. Bir günün içində müsahibə otağına girib çıxan xanımların sayını unutmuşam. Nəhayət bu vakansiyanı, xoş görünüşlü, ünsiyyət qabiliyyəti yüksək olan bir xanımla bağlamış oldum. Xanım bazarertəsi işə başladığında gözlərimə inana bilmədim. Hətta salam verdi və tanımadığım birinin salamını almağa tərəddüt etdim bir anlıq. Vakansiyanı bağlamaq üçün çəkdiyim həssaslıq qədər xanım da ilk iş günü həyacanından olsun ki, əməlli əziyyət çəkmişdi. Bu ağır xasiyyətli qıza bir həftənin içində nə olmuşdu.? Axı bu xanımda təşkilatımızın dəyərlərinə uyğun heç bir şey yox idi, mini yupka, makyaj, daha nələr deyim sizə… Bəs mən hara baxırdım onu işə alanda? 🙂 Xanım işə başlayan gününə qədər burda nə var ki, 20 dəqiqəyə adamın hər şeyini öyrənə bilərsən deyə düşünürdüm. Demək ki, belə deyilmiş. DON’T FALL IN LOVE IN THE FIRST INTERVIEW qaydasını yəqinki o an öyrənmişdim. Love demişkən xanım 2 ay sonra mənə sevgi mesajı yazmağını demirəm və sonra isə gəldiyi kimi yox olması da başqa mövzudu. (Xanıma nömrəmi verən İK-cı dostuma da təşəkkürlər) 🙂

Doğru insanı doğru yerdə deyirik, bu yanlış insan seçimimdə ilk və təəssüflə qeyd edim ki, son olmadı. Belə seçimlər çox olub. Lakin xanımı xatırlamağım ilk işəqəbul təcrübəmdəki divara dəydiyim hal olmasıdır ki, yadımdan çıxmır. Bu təşkilatdakı işəqəbul qərarlarındakı səhvlər və ətrafımdakı peşəkar insanlar işəqəbul sahəsində yetişməyimdə böyük rol oynamışdır. Bütün bu səhv qərarlara baxmayaraq çalışdığım şirkət uğurlu təşkilat idi.

Həddən artıq müsahibələrdə iştirak edən, işəqəbul qərarlarında yaxından iştirak edən və ən əsası çoxlu sayda səhvlərdən dərs çıxaran biri kimi gənc həmkarlara bəzi tövsiyyələrim belə olacaqdır.

1- İlk müsahibədən namizədə aşiq olmayın. Hər zaman səbrli olun və işəqəbul qərarlarını verərkən tələsməyin.

2- Rəhbərliyin idarəetməsindən asılı olmayaraq, insan haqlarını qorumağa çalışın. Öz fikiriniz olsun və qərarınız olsun. Rəhbərliyinizə alternativ namzədlər təklif edin. Əlinizdən gəldiyi qədər qohum-əqrəbə yığımına mane olun.

3- Planlama aparın. Vəzifənin əhəmiyyətindən asılı olmayaraq planlamanızı edin. Axtarış, Müsahibə və iş təklifi kimi ümumi prosesin detallarına girin.

4- Namizədi mütləq araşdırın. (köhnə iş yeri, sosial profilinə diqqət edin və s.)

5- Qərarsızsınızsa diqqətli olun. Yox deməyi bacarın.

6- İş və şəxsiyyət uyğunluğuna baxın.

7- Doğru suallar soruşun. Türkün misalı: Müsahibədə hava atmayın. J Bir az sadə və qarşıdakına hörmət edin.

8- İşə aldığınız zaman təşkilatın sahib olduğu əməkdaşlarla namizədi müqayisə edin.

9- Kitabı Üzlüyünə görə qiymətləndirməyin.

10- Unutmayın hər işəqəbul prosesi uğurlu olacaq deyə bir şey yoxdur.

Hər birinizə uğurlar. J

Qarışqanın departamenti

Kiçik bir Qarışqa hər sabah tezdən durub işinə gələr və xoşbəxtlik içində işinə başlayardı.

Çox işləyər… Çox məhsuldar olardı…. bunların hamısını motivasiya ilə edərdi və daim gülərdi.

Təsisçi Aslan, qarışqanın üstündə idarəçi olmadan bu qədər məhsuldar işləməyinə heyranlıq duyardı.

Bir gün şirkəti və məhsuldarlığı daha da artıqmaq üçün ağlına parlaq idea gəldi.

Əgər qarışqa üstündə bir rəhbər olmadan belə işləyirsə, gör rəhbər qoysam nələr edər? Bu səbəbdən mükəmməl idarəçilik təcrübəsi olan və yazdığı hesabatlarla məşhur olan Tarakanı işə alır.

Tarakan işə saat götürərək çalışmağa başlayır. Beləcə qarışqanın işləməyinin saatlarını izləyə biləcəyini düşünür. Qarışqanın işləmə saatlarını izləməyə başlayır. İş saatında boşluğa icazə vermir və hər şeyi nəzarətdə saxlayır. Tarakan qarışqaların hesabatını düzəldəcək bir ehtiyacın olduğunu düşünür. Bu səbəbdən: həm telefon nəzarətini idarəedəcək həm də arxiv işlərini idarəedəcək Hörümçəyi işə alır.

Aslan, şirkətdəki inkişafdan çox məmnun idi. Hörümçəyin hazırladığı hesabatlığın mükəmməl olduğunu düşünür. Hətta istehsalat sürətini ölçən və şirkəti analiz edən rəngli qrafiklər də hazırlamağını xahiş edir. Beləliklə bu hesabatları şəriklərinə təqdim edərək qürurlanacaqdı.

Tarakan bu hesabatları qura bilmək üçün yeni bir komputer və ERP proqram ehtiyacının olduğunu bildirir. Artan vəsaitlər üçün də bir İT departamenti yaradılır. Bu işləri idarə etmək üçün isə Ağcaqanadı işə alır.
Əvvəllər xoşbəxt, məhsuldar və rahat olan qarışqa artıq iclaslar və sənəd işlərindən yorulmuşdu. Zamanının çoxunu sualları cavablamaq və sənəd işlərini görməklə keçirmək məcburiyyətində qalmışdı.

Aslan qarışqanın departamentinin böyüməsindən çox məmnun idi. Departamenti daha da böyütmək üçün bir üst rəhbər ehtiyacının olduğunu düşünürdü. Departament rəhbəri olaraq da məşhur Cücə böcəyini işə alır. Öz rahatına və keyfinə düşkün olan Cücə böcəyi ilk icraat olaraq ofisin mebellərini dəyişərək başlayır. Təbii olaraq özünün yeni bir komputer, büdcə nəzarəti və strateji məhsuldarlıq planını hazırlamaq üçün şəxsi köməkçiyə ehtiyacı vardı. Buna görə köhnə iş yerindəki köməkçisini işə götürür. Qarışqanın işlədiyi şirkət artıq heç kimin gülmədiyi, xoşbəxt olmayan bir məkana çevrilmişdi. Cücə böcəyi Aslanı inadırır ki, motivasiyanı yüksəldilməsi və şirkətin vəziyyətini təyin etmək üçün analizlər aparılmalıdır.  Aslan qarışqanın departamentini gözdən keçirir və məhsuldarlığın dramatik şəkildə aşağı düşdüyünü görür. Və o qərarı verir – KONSULTANT OLARAQ MƏŞHUR BAYQUŞU DƏVƏT EDİR.

Bayquş qarışqanın departamentində 3 ay vaxt keçirir. Çılğın işin sonunda nüsxələrcə hesabat hazırlayıb Aslana təqdim edir. Hesabatın nəticəsi bu idi-  departamentdə artıq işçi qüvvəsi var.

Aslan Hesabatı incələyərək sonda qərar verir.

Davranışı ilə diqqət çəkən, bədbəxt və işləmək həvəsini itirmiş qarışqa şirkəti demotivasiya etdiyinə görə işdən çıxarılsın.

Hörmətlə

Eldar Xəlilov

İŞİ YOXSA İŞLƏMƏYİ SEVMİRİK!

Screen Shot 2016-02-18 at 10.10.52 PM

İşləməkdən bezmisiniz, yoxsa işinizi sevmirsiz? Bu suallar tək sizi narahat edən məsələ deyil. Bu xəstəlikdən əziyyət çəkən yalnız siz deyilsiniz. ABŞ-da 31% çalışan şəxs işində xoşbəxtdir (2015 Gallup poll), qardaş ölkə Türkiyədə bu rəqəm 16%-dir (milliyet.com.tr).  Ölkədə faktiki olaraq belə bir konkret statistika mövcud deyil, sadəcə təşkilatlardakı təcrübəmizə və müşahidələrimizə əsaslanaraq bu rəqəmin yüksək olmadığı qənaətinə gələ bilərik.

Hər gün yataqdan qalxıb qaça-qaça getdiyimiz işimiz! Özü də qaça-qaça :).

Qaça-qaça getdiyim işimdə hər səhərləri eyni mənzərə ilə başlayıram. Səbinə xala, bizim mərtəbənin xadiməsi. Hər səhərləri eyni hadisə:

  • Sabahınız xeyir Səbinə xanım,
  • Sabahınız xeyir Eldar bəy,

Hər ikimizdə xoş bir təbəssüm və razılıq əlamətləri. Sadəcə gözlərinin içində bezmiş və yorulmuş baxışlar. Tək Səbinə xala elə deyil, bir çox vəzifəsi, halı yerində olan əməkdaşlarda bu halı müşahidə etmək olur. Və bu qədər neqativliklə əhatə olunan mühitdə çalışmaq ən əsası xoşbəxt qalmaq çox çətinləşir. Maraqlısı odur ki, bu iş sevgisinin olmaması xadimə və ya yüksək vəzifənin olmasında asılı deyil, əməkdaş daxilində baş verən üsyanın nəticəsi olaraq yaranan etirazdır.

Bu halda işləmək yalnız pul qazanmaq üçün həyata keçirdiyimiz prosesdirmi? Pul qazanıb təməl ehtiyacları qarşılamaq  üçün işləyirik, çalışırıq çünki sosial ehtiyaclarımızı təmin edirik. İşləmək və pul qazanmaq arasındakı münasibət çox qarışıqdır. Ancaq bir reallıq vardır; İşləmək sadəcə təməl ehtiyacların qarşılanması deyildir, bu proses psixoloji ehtiyacların qarşılanması üçün imkanların yaradılmasıdır. İşləməkdən bezmək halı daha çox psixoloji ehtiyacların təmin olunmaması halında yaşanması da bu səbəbdəndir. Bir çoxlarımız şahidi olmuşuq çalışdığımız təşkilatlarda əməkdaşların böyük əksəriyyəti nə zamansa içi pul dolu çanta tapacağı günü gözləyə gözləyə səhərləri sürünərək işə gəlməkdədirlər. Özü də tənbəllik zad yoxdur onlarda 🙂, sadəcə özü özlərinin rəhbəri olmaq istəyirlər. 🙂 🙂 🙂 🙂 Səbəbi pulda axtardıqları üçün bu xoşbəxtlik axtarışı çox zaman uğursuzluqla yekunlaşır. Nəticədə ya çanta tapılmır ya da o xoşbəxt iş. 🙂 

Niyə işləyirik?

İnsanlar işləməlidirlər, çünki beynimiz mütəmadi olaraq bir şeylərlə məşğul olmaq istəyir. Düşünün, sizi bir adaya atıblar və istədiyiniz hər bir imkanlar yaradılıb. Sizdən istənilən şey imkanlardan yararlanmaq və bütün günü istirahət etməkdir. 1, 2, 3….. ay nə qədərimiz daha çoxuna səbr edəcəyik.? Belədirsə, yenə də istirahətdən bezcəyiksə demək ki, hər şeydən əvvəl beynimizin təməl istəyi işləməkdir, nəyinsə qarşılığını almaqla bir şeylərin həyata keçirilməsi bizin əsas istəyimizdir.

İşləmək sadəcə işləmək deyil?

İşləməyin digər məqsədi, ortaya qoyduğumuz bir məhsulun yaradılmasıdır və hər hansısa iş prosesində mənim də əməyim var hissinin yaşanması istəyidir. Başqa bir dillə desək, işləmək özümüzü yaxşı hiss etmək üçün əsas həyat reallığıdır. İşləmək həyatımızın özüdür və əgər siz işləməyi sevmirəm deyirsinizsə bilin ki, ortada başqa səbəblər var. Böyük ehtimalla bu səbəb sizin işinizdir, həyatınız deyil.

İşlədiyiniz yer, əhatə edən iş yoldaşları, insanlarla münasibət, işin qarşılığında qazandığınız pul kimi faktorlar işinizdən məmnun olub-olmamağınızı müəyyən edən səbəblərdəndir. Məmnuniyyətsizlik halı yaşayırsınızsa, bunu ümumiləşdirib işləməyi sevmirəm adı ilə nəticələndirməyin. Çünki, hər dəfə ağzınızı açıb şikayətlədiyinizdə, zamanla bu hər hal şikayətdən çıxıb ümumi işləmək prosesinə qarşı nifrətə çevrilə bilər. İşləməyi sevməmək isə mümkün deyil. Bunu etdiyiiz an yaşamaq enerjinizi bloklamış olacaqsınız, səhərləri yataqdan qalxmaq çətin prosesə çevriləcəkdir, həyatdan zövq almamağa başlayarsınız. Nəticədə “İşləməyi sevmirəm” deməklə insan fitrətinə aid olan əsas prosesə qarşı etiraz etmiş olacaqsınız.

İşləmək başqa bir şeydir, işlədiyiniz iş isə başqa. İşinizi sevmirsinizsə işləməkdən özünüzü soyutmayın. Nəyi sevmirsiniz, niyə sevmirsiniz analiz edin və həll yollarını axtarın. İşləmək psixoloji tamlığımızın formalaşdırılması üçün bir reallıqdır və ona düşündüyümüzdən daha çox etiyacımız var.

İŞ YERİNDƏ DİSKOMFORT VƏ XOŞBƏXTSİZLİK HALI Asta qaçan namərddir!

images

 

İş yerlərində xoşbəxtsizlik hər kəsin yaşaya biləcəyi bir haldır. Ümumən iş yerlərində diskomfort halı əməkdaşların daha az motivasiyalı, sağlam düşünə bilməmək və sosial vəziyyətini alt üst edən vəziyyətlərdən hesab olunur. Ancaq bütün bu hallara baxmayaraq insanlar ümumi olaraq bu vəziyyət qarşısında heç bir addım atmamaqdadırlar.

İnslarların mövcud diskomfort hallarının dəyişdirməməsinin 2 əsas səbəbi var:

  • Niyə görə xoşbəxt deyillər sualına cavabını bilməmək. Diskomfortu hiss edir lakin səbəbini bilmirlər və bu halının aradan qaldırılmasının mümkün olmadığını düşünürlər.
  • Nə edəcəklərini bilməmək. Səbəbi bilirlər və nəyin onları xoşbəxt etmədiyini anlayırlar, lakin bu problemin dəyişməyəcəyini və ya həll üçün alternativ seçimlərinin olmadığını düşünürlər.

 

İş yerlərində diskomfortun ən vacib səbəbləri:

Əmək  haqqı –

Gördüyünüz işin qarşılığında az maaş aldığınızı düşünürsünüzsə, ilkin diskomfort halını yaşamağa başlamısınız. Bu halı yaşayırsınızsa daim alternativ təklifləri araşdırmağınız məsləhətdir. Unutmamaq lazım olan məqam odur ki, maddi motivasiya müəyyən müddəti əhatə edən üsuldur. Diskomfortun əsas səbəbi əmək haqqı olmağından əmin olduqdan sonra hər hansısa tədbir görmək lazımdir. Əgər səbəbini bilmədiyiniz diskomfort halını maaş olduğundan şübhələnirsinizsə bu sadəcə bəhanə olacaq və bu səbəbdən gedəcəyiniz yerdə yüksək əmək haqqında belə xoşbəxtsizlik hissi sizin yaxanızdan əl çəkməyəcək.

İş yerində qeyri-stabillik –

Şirkətinizin stabillik mövzusunda problemləri sizə diskomfort hissini yaşada bilər. İşdən çıxarılma halının yaşandığı şirkətdə narahatlılığın və stressin yaşanması normal haldır. Belə bir halda əlinizdən gələni etdiyini düşünürsünüzsə, bu halda yalnız etdiyiniz işlərlə bağlı hesbatlılığı mütəmadi rəhbərliklə bölüşmək və kommunikasiyanı gücləndirməyiniz vacibdir. Həyatı bəzən idarəetmənin mümkün olmadığını nəzərə alsaq bütün olacaq mənfi hallara qarşı özünüzü günahlandırmaqdansa yeni alternativlər üzərində sığortalanmağınız məsləhətdir.

Karyera inkişafı –

Vəzifə artımı və irəliləməyin mümkün olmadığı təşkilatda və motivasiya edici digər faktorların yaşanmadığı şirkətdə əməkdaşlar diskomfort halı yaşayırlar. Belə bir hal yaşayırsınızsa özünüzün fərdi inkişafına və fərqli sahələrdə inkişaf etməyinizə səy göstərin.

Bəzi sahələrdə irəliləmək şansımız çox azdır və bu səbəbdən işimizlə bərabər təşkilatın inkişafına təsir edəcək fərqli sahələrdə inkişaf etdirməyiniz sizi motivasiya edə bilər və hətta irəliləmək imkanı yarada bilər.  Bunların heç biri yoxdursa o zaman alternativlərə baxsanız yaxşı olar.

İş yoldaşlarınız –

Ən mənasız səbəblərdəndir. Unutmayın iş yeriniz sizin eviniz deyil və hər kəsin sizin kimi olmaq məcburiyyəti yoxdur. İşinizlə bağlı münasibətlərin qurulması sizə kifayət edəcək ki, sağlam bir mühit yaradasınız. Əsas vacib olan hörmət üzərinə qurulmuş bir münasibətə nail olun.

İş yükü –

Az vaxtda çox və keyfiyyətli işin icrası istənilirsə bu sizdə stres halının yaşanmasına səbəb olacaqdır. Bu halda stresə düşməyə  ehtiyac yoxdur və seçim olaraq bu cür işləmək sizin seçim deyil. Belə halda vaxtın idarəedilməsinə  diqqət edərək mərhələli şəkildə işlərin təhvil verilməsinə çalışın.

İş qrafiki –

Diskomfort mühitinin yaranmasının ən öndə və ilk sıralarda gələn səbəblərindəndir. Ölkəmizdə özəl və bir çox dövlət təşkilatlarında əməkdaşlar 8 saatdan artıq istismar olunmaqdadırlar. Bu saat 12 -13 saata çatmaqdadır və istirahət günlərinin məcəlləyə uyğun olaraq tənzim olunmaması əməkdaşların diskomfortuna gətirib çıxarır. Hətta bu hal o qədər yayılıb ki, 22-23 yaşlarında bir gənc mən bu qədər çalışmıram deməsi təşkilatların rəhbərləri tərəfindən qəribə qarşılanır. Mən sənin yaşında 24/7 işləyirdim ay oğul deyən rəhbərlər günü gündən çoxalıb. Gənclərimiz tənbəlləşib deməyə qədər gedir bu reaksiya. Belə bir halda şirkətdə çalışan əməkdaşın hər hansısa bir motivasiyasının olmasından söhbət etmək, yaradıcılıq və məhsuldar iş gözləməyin özü belə ağılsızlıqdır. Həll yolu kimi yalnız rəhbərliklə məsələnin aydınlaşdırılmasıdır. Belə halda getməyə tələsməyin, çünki gedəcəyiniz yerdə sizi eyni hal gözləyə bilər. ))))

Əgər əməkdaşınız övladının tədbirinə getmək üçün icazə ala bilmirsə (icazə alanda başdan xarabdır deyilirsə), diş həkimə getmək üçün 18:30da sizdən icazə istəyirsə əmin olun bu hal ən böyük stresi yaradacaq. Şəxsi həyat və iş həyatı balansı pozulubsa hər hansısa bir motivasiyadan söhbət gedə bilməz.

Xoşbəxt iş şəraitin olması məhsuldarlıq baxımından çox vacibdir. Hər bir işəgötürən xoşbəxt, özünə əmin əməkdaşlarla işləmək istəyir. Amma şirkətlər də əməkdaşlarının komfortunu nəzərə almalıdır. İş yerlərində diskomfort yaşanırsa və rəhbərlik həll yolları üzərində düşünmürsə İlk Qaçan Ağıllıdır deyimi ilə əməkdaşlarınız başqa şirkətlərə qaçmaq yarışına başlayacaqdır. Qəmli Bayquşları şirkətinizdə işlətmək istəmirsinizsə sistemli və ölçülə bilən idarəetmə sisteminizi qurun.

PS – Asta Qaçan Namərddir deyimini unutmayaq. Əgər əməkdaş qaçırsa və sonda siz tək qalırsınızsa namərd kim olur bu halda, onu düşünək – Rəhbərlik yoxsa işçi :)))

İXTİSAR OLMUSUNUZ?

Günümüzün ən aktual problemlərindən biri ixtisarlarla bağlı işdən ayrılmalardır. Çoxumuz üçün işdən ayrılmaq bir travmatik, sürpriz və həyati dağıdıcı haldır. İxtisarlar zamanı ən çox eşitdiyimiz sözlərdən biri səbəbsiz olaraq, siz yaxşı işçisiz amma … kimi cümlələri eşidəcəksiniz. Amma bir sual yaranır Niyə mən? Niyə başqası deyil də mən? Belə yaxşı işçiyəmsə məni niyə göndərirsiniz? Çox zaman dürüst məlumat ala bilməyəcəksiniz. Dairə şəklində verilən cavablar ancaq eyni yerə gəlib çıxacaq SİZ İXTİSAR OLUNURSUNUZ. Çox peşəkar dostlarımız bu haqda qanunvericiliyin verdiyi haqlar barədə yazılar paylaşıb, bu dəfə sizin işdən çıxarılmanıza səbəb olan real və gözlə görsənməyən tərəfləri bildirəcəyik. Bu səbəblər şəxsi, səhvlərlə dolu karyera yolunuz və s. ola bilər.

Screen Shot 2016-02-29 at 6.59.25 PMAdətən bu hadisə necə olur? SİZ baş ofisə dəvət olunursunuz və rəhbərinizlə bərabər İnsan Resursları sizə belə bir cümlə işlədəcək “ Təşkilat olaraq aldığımız qərara görə sizin vəzifəni ixtisar edirik. Ödənişlər Respublikamızın qanunvericiliyinə əsasən həyata keçiriləcəkdir.” Və SİZ ildırım vurmuş vəziyyətdə qarşı tərəfə baxırsınız. Maksimum verəcəyiniz suallar Niyə? Nə etmişəm? olacaqdır. Çox zaman bu suala aydın cavab almadan ayrılacaqsınız. Səbəblər isə çox sadədir, rəhbərə seçim verirlər hansı işçi qalsın, hansı getsin və siz gedən siyahıdasınızsa probleminiz var deməkdir.

  • İntizamsızlıq: Həll olunması lazım olan layihələr… Əlinizdə, önünüzdə nə qədər tamamlanmasını gözləyən işlər var. Bir çox əməkdaş iş saatlarında və əlavə iş saatlarına əhəmiyyət vermədən məhsuldar olmayan iş günü keçirirlər. Rəhbəriniz nə qədər sizə səbr və təmkin göstərsə də, bilmiş olun ki, bu kimi intizamsızlıq gözdən qaçmır. Və ixtisar zamanı bu xüsusiyyətiniz sizi o qara siyahıya alınmağınıza səbəb ola bilər.
  • Məlumatsızlıq: Bir çox təşkilatlarda işçi ehtiyacı ilə bağlı elanlara çoxlu sayda müraciətlər daxil olmaqdadır. Namizədlərin hamısı bunu edərəm, bunu bilirəm, bununla bağlı təcrübəm var kimi ifadələr işlədirlər. Bunlara baxmayaraq alınan əməkdaş vəd etdiklərini iş zamanı həyata keçirə bilmirsə, siyahıya girməyinizə səbəb olacaqsınız. Buna əmin olun.
  • Plansızlıq: İntizamlı olmaqla bərabər işinizi təşkil etmək, verilən sözü tutmaq və s. kimi faktorlar çox önəmlidir. Plan işinizi görməyinizə də, vaxtı idarə etməyinizə də yardımçı olacaqdır. Rəhbərlər plansız əməkdaşlardan uzaq durmağa çalışırlar.
  • Yalan: Bu xüsusiyyətdən tamamilə uzaq olmağa çalışın.
  • İstəksizlik: sizi gözləyən o qədər iş olduğu təqdirdə, sifətinizdən min bir dərd tökülür. Bu zəhrimarı üzərinizdən almaq lazımdır. Hər kəs gülərüz və pozitiv əməkdaşla çalışmaq istəyir həm rəhbər, həm də iş yoldaşlarınız.
  • İnamsızlıq: İşə hakim olmaq kimi duruş və icra etmək daim sizi işdə qoruyacaq faktordur. Özünüzə inamlı olmağa çalışın.
  • Komanda ruhundan uzaqlıq: Sizi işdən ayırarkən, komanda yoldaşlarınızın da fikirləri, onlara sizin ayrılmanızın psixoloji təsiri də rəhbər tərəfindən diqqətə alınır. Siz çalışmalısınız ki, rəhbərin sevimli işçisi olmaqla bərabər, komandanın da sevimli və ayrılmaz üzvü olasınız.
  • Əl əyləci (ruçnoy): Hər bir işin özünün gətirdiyi peşə xüsusiyyətləri olur. Zamanla bu xüsusiyyət həmin əməkdaşın davranış dəyərlərinə çevrilir. Peşəsindən asılı olmayaraq işin icrası zamanı aktivlik və çeviklik çox əhəmiyyətlidir.
  • Qaraqabaqlıq: bir çox gülərüz dostlarım var. Onlar arasında heç biri işdən çıxmağı təbii olaraq gülərək qarşılamayıblar. Amma elə şəxslər var ki, gülümsəməyi özlərinə bir yük hesab edirlər, gördükləri işi dünyanın ən ağır işi hesab edirlər.

10, 11, 12, 13, 14……………………………………………….

Bu siyahı bax beləcə uzana bilər. Bir çox tanışlarımdan ixtisar səbəbi ilə işdən ayrılanlar var. Qeyd etdiyim faktorlara sahib olanları da var, ümumiyyətlə çox pozitiv olub da departamentin ləğvi ilə ayrılanlar da var. İxtisar olmusunuzsa, bu o demək deyil ki, siz qeyd olunan faktorların tamamına və ya hansısa birinə sahibsiniz. Sadəcə olaraq hər bir şirkət əməkdaşı çalışdığı qədər daha pozitiv və qeyd olunanların əksini həyata keçirməlidir. Elə bir əməkdaş olmağa çalışın ki, ixtisar sizi işdən çıxarmaq üçün bir vasitə və səbəb olmasın. Əgər komandada 5 əməkdaşdan 3 nəfər ixtisar olunursa və siz qalan 2 nəfərdən biri deyilsinizsə demək ki, əksik və çalışılacaq tərəfləriniz var. (Əgər çalışdığınız təşkilatda qalacaq olan 2 nəfər rəhbərin qohumu və ya tapşırılmış şəxslərdirsə, elə orda işləməməyiniz daha yaxşıdır. Bu tipli təşkilatlardan onsuzda əvvəl axır ayrılacaqsınız. Pozitiv olun bu yetər.) Hər birimizə uğurlar.

PANEL MÜSAHİBƏLƏRİN SÜRPRİZ SUALLARI

 

Screen Shot 2016-02-27 at 10.15.06 PM

İnternetin bu qədər yayıldığı zamanda sirr kimi qalan müsahibə sualları deyilən yanaşma da yoxa çıxmağa başlayıb. Elə bir neçə il əvvəl müsahibədən çıxan şəxslərə adətən belə suallar yönləndirilərdi. Nə sual soruşdular, nə danışdınız, necə keçdi? İndi isə belə bir sirr qalmayıb. Çünki müsahibələrin müəyyən qəlibi var və çıxan suallar çox zaman eyni və ya bənzər olur. Yəni əvvəlcədən hazırlanmaq çox işi həll edir deyə bilərik.

Günümüzün insan resursları idarəetməsində bir çox təşkilatlar işəqəbul qaydalarının daha da obyektiv olması üçün işəqəbul qərarlarının bölüşdürülməsinə çalışırlar. Beləki, ilkin testləşmə və ya ilkin müsahibə mərhələsindən sonra panel müsahibə adı verdiyimiz müsahibədən istifadə edərək işçi tələbini keçən səlahiyyətli struktur RƏHBƏRİ və digər üzvlərin iştirakı ilə bu işəqəbul qərarlarını bərabər verirlər. Məsuliyyəti aralarında bölüşdürmüş olurlar. Səs və verilən qiymətin çoxluğunu əldə edən şəxs işəqəbul olunur. Bu müsahibə metodu obyektivliyi təmin etdiyi qədər, bəzi gülməli hadisələri də özündə gətirir.

Çox rəhbər insan resursları əməkdaşı olmadığı üçün verilən suallarda istiqamətlənməni və məqsədi çox zaman itirirlər. Mənasız suallarla namizədləri çıxılmaz vəziyyətdə qoyurlar. Bəzən belə suallardan sonra namizədi belə itirmişik. Təcrübəm boyunca sözünü etdiyim rəhbərlərlə çox müsahibədə iştirak etmişəm və onların verdikləri sualları diqqətinizə çatdıraraq üzünüzdə bir azda olsa təbəssüm yaratmaq istərdim.

Hörmətli namizədlər, siz bizim yazıları oxuyaraq müsahibədə çıxacaq suallara hazır olduğunuzu düşünürsünüz amma əsas sürpriz suallar, çalışacağınız rəhbərlərdən gələ bilər. 🙂

Bomba sual#1 – Coca-cola yoxsa Su?

Bu sual işçi axtardığımız bir departamentin rəhbərinin favorit sualı idi. Bəlkə 100 dəfə bu sualı namizədə verilərkən eşitmişəm. Neçə illər keçməyinə baxmayaraq hələ də cavabın cola olduğunda və ya su olduğunda nə məna verdiyini tapa bilmirəm. Bu arada onun özündən soruşduğumda da cavab verə bilməmişdi. 🙂

Bomba sual#2 – Məni necə təəccübləndirə bilərsiniz?

Yurdumun insanının yaradıcılığına qəti şübhəm yoxdur. Bu sual qarşısında Departament direktorlarını təəccübləndirən o qədər insan görmüşəm bir bilsəniz. Azərbaycan himni oxuyan kim, Rəşid Behbudovdan Küçələrə su səpmişəm oxuyan kim. 🙂

Bomba sual#3 – Mənə hal-hazırda masanın üzərindəki əşyalardan birini sata bilərsinizmi?

Keçmiş çalışdığım təşkilatda bu sual department rəhbərləri tərəfindən çox yayqın şəkildə istifadə olunurdu. 4 saniyədə bir stol, 3-5 qələm, bir neçə kağız A4 və heç biri sənə aid olmayan otaq? Teatrdımı yoxsa iş görüşməsidirmi sualını yaradan bu anda namizədlərin vəziyyəti heç də asan olmur.

Bomba sual#4 – 11 X 11 =?

Sualı verməmişdən qabaq bir CV-yə bax bə direktor. J Adam tətbiqi riyaziyyat məzunudur. Bu arada bu suala çaşıb səhv cavab verənlərdə var.

Bomba sual#5 – Azərbaycan himninin sözlərini kim yazıb?

Bu sualı yeni məzun olmuş birinə sual verə bilərsən amma şöbə müdiri vəzifəsinə gələn, 8 illik təcrübə filan olan adama verilməsi düzgün deyil axı. Təcrübəmdə bu sualla qarşılaşan şöbə müdiri namizədi olub ki, suala düzgün cavab verib, lakin sonra iş təklifində imtina etmişdi. Səbəb o qədər dərin zəkalı direktorla işləmək istəməmək idi.

Departament və ya struktur rəhbərləri çalışacağı əməkdaşı seçə bilmək bacarığına sahib olmalıdırlar. 20-30 dəqiqəlik müsahibə zamanı bir insanı tanımaq üçün qısA vaxtdır. Buna görə də vaxtı sizə heç bir məlumat verməyəcək suallarla keçirərək yanlış adamı işə almayın. Sizin işinizin düzgün getməsi üçün düzgün adamı işə almaq lazımdır.

İŞ və XOŞBƏXTLİK NƏDİR?

Screen Shot 2016-02-18 at 10.19.04 PM

“İş xoşbəxtlik verici olduğunda həyat əyləncəlidir; əgər işin sadəcə bir vəzifədirsə bax bu əsarətdir” Maksim Qorki.

Günümüzdə ən çox verilən suallardan biri ilə yola çıxsaq, saya bilməyəcəyimiz qədər çox suallarla qarşılaşacağıq. Sizcə insanın bir işdə xoşbəxt olması, işin şərtlərindənmi yoxsa şəxsin özündənmi asılıdır? Məsələn bütün günü rəqəmlərlə məşğul olan bank sektoru əməkdaşının xoşbəxt olmasına səbəb bankçılıq sektorunda işləməyin xoşbəxt edici olmasıdırmı, yoxsa o şəxsin gördüyü işdirmi? Bir cərrahın 8 saat ayaqüstündə əməliyyatdan çıxıb evinə xoşbəxt getməsinin səbəbi bəs nədir? Cərrahın zövqlü işlə məşğul olmasıdırmı, yoxsa etdiyi işin mənasını anlamasıdırmı?

Bəzi işlər həqiqətən çox çətin şərtlərdə həyata keçirilir. Mədəndə işləmək nə qədər çətin olmasına izahat verməyə ehtiyac yoxdur. Bədən gücüylə, qarda-qışda vəya istidə işləməyin çox ağır olması da danılmazdır. Bədən gücünü bir kənara qoysaq, ətrafınızda olan şəxslərə baxın. Ofis şəraitində heç bir fiziki güc tətbiq etmədən çətin iş qrafikində və çətin iş şəraitində çalışan nə qədər tanışlarınız vardır və onlar durmadan bunu dilə gətirirlər. Bir eqoist müdirin psixoloji təziqi altında mənəvi əziyyət çəkən nə qədər insan var. Hətta iş elanlarına baxsanız bir çox təşkilatlar artıq alışdığımız tələbi qoyurlar. “Təzyiq altında işləyə bilmək bacarığı” 🙂 Bu bacarığınız yoxdursa müraciət etməyin, müraciətinizə baxılmayacaqdır. 🙂

Əmək haqqı, iş şəraiti, iş yoldaşlarıyla münasibət, rəhbərlərin davranışları…. Bunların hamısı bir işdən alınacaq ləzzəti müəyyən edəcək əhəmiyyətli başlıqlardı. Amma bunların heç biri bir insanın işlədiyi işdə xoşbəxt olmağını təmin etməzlər. Bütün şərtlərin pozitiv olduğu halda xoşbəxt olmayan insanların olduğu kimi, bir çox neqativlərə baxmayaraq işində xoşbəxt olan insanlar var.

İnsanın işdəki xoşbəxtliyi yada bədbəxtliyi həyatının tamamına təsir edir. Bunun səbəbi, vaxtımızın böyük hissəsini işdə keçirməyimiz deyil, insanın gördüyü işin o insanın şəxsiyyətini müəyyən edən ən böyük ünsür olmasıdır. İnsan gördüyü işdə sadəcə həyatını qazanmaz, eyni zamanda cəmiyyət içində “kim olduğunu” ifadə edər. Elə bu səbəbdəndir ki, insan bir biri ilə tanış olduqlarında ilk suallarından biri nə işlə məşğul olduqlarını öyrənmək olmasıdır.

Screen Shot 2016-02-18 at 10.10.52 PM

İnsanın gördüyü işdə doymaq səviyyəsinə çatması, həyatda doymaq səviyyəsinə çatması ilə çox yaxından əlaqəlidir. Bu səbəbdən, insan doğru işi tapmaq üçün səy göstərməsi, gördüyü işin uyğun olub olmamasını sorğulaması ən təbii haldır.

Araşdırmalara görə insanın işdə xoşbəxt olması üçün, maddi mövzular xaricində özünə verdiyi suallar bunlardır.

  • Gördüyüm işdə həqiqətənmi lazımam?
  • Rəhbərlər və iş yoldaşlarım gördüyüm işi necə qiymətləndirirlər?
  • Özümü çalışdığım təşkilata aid hiss edirəmmi?
  • Bu işdə özümü inkişaf etdirə bilirəmmi?

Gallup “Q12® Meta-Analysis”

Screen Shot 2016-02-18 at 10.11.08 PM

Əməkdaşları xoşbəxt etmək və onların töhfələrini almaq istəyən təşkilatın bu mövzulara həssas yanaşması və hər birinə investisiya etməsi vacibdir. Lakin bir insanın gördüyü işdə xoşbəxt olması sadəcə işəgötürənin ona təmin etdiyi müsbət iş şəraiti ilə təmin oluna bilməz.

İnsanın bir işdə xoşbəxt olub olmaması, o işin özünə təmin etdiyi imkanlar qədər insanın gördüyü işə NECƏ baxmasından və o işi necə ələ alması ilə də bağlıdır. Bir insanın gördüyü işə dəyərli baxması üçün həkim olub bir insanı qurtarmaq lazım deyil. Hər iş, o işi görənin davranışına, yanaşmasına görə əhəmiyyət və məna qazanır.

İşlərini bir missiya olaraq görən insanların gördükləri iş, NƏ olursa olsun, daha yüksək bir doyma halını yaşayarlar. Bunu belə anlaya bilərsiniz, bir inşaat mühəndisinin gördüyü işi sadəcə divar hörmək kimi görməsi ilə, böyük əhəmiyyətli biznes mərkəzi kimi görməsi arasındakı fərqdir. Təbii ki, 2-ci düşüncə tərzində qeyd etdiyimiz doyma səviyyəsi daha yüksək olur.

İşini sadəcə bir məcburiyyət olaraq görən və iş vaxtının tez bitməsini gözləyən insanın aldığı dadla, nə iş görürsə görsün o işə ağlını və duyğusunu qatan və işini bir yaradılma səbəbi kimi görən insanın aldığı dadla dağlar qədər böyük fərq vardır.

Bir insanın işini sevməsi və özünü işinə verməsi, işin şərtlərin daha çox o insanın həyata baxışından qaynaqlanır.

Amy Wrzesniewski bir xəstəxanada xadimələr üzərin bu təcrübəni apararaq müşahidə etmişdir ki, təmizlik işçilərindən öz işini bir missiya kimi görənlər daha çox xoşbəxtdirlər. Bu xoşbəxt insanlar xəstələrin şəfa tapması üçün özlərini xəstəxananın bir təmsilçisi kimi görürlər. Digər şəxslər isə sadəcə təmizliklə məşğul olduqlarını düşünərək daha bədbin həyat və iş tərzi yaşayırlar.

Gördükləri işi pul qazanmaq deyil də, bir missiya olaraq adlandıran və özlərini işlərinə fokuslayan şəxslərdə ortaq xüsusiyyətlər vardır. Bu insanlar;

Screen Shot 2016-02-18 at 10.11.25 PM

  1. İşlərini görərkən təqdim olunan vəzifə öhtəliklərini daima inkişaf etdirilmə yollarını axtarırlar.
  2. İşlərini proaktiv şəkildə aparırlar.
  3. Gözləniləndən daha yaxşısını həyata keçirməyə çalışırlar.
  4. Məsuliyyət hisləri güclü olur.
  5. Təşkilat strukturundakı yerinə görə deyil, o işi necə yaxşı görə bilərəm düşüncəsi olur.
  6. Özlərini işinə fokuslarla və işlərini bir missiya kimi görərlər.

İşiniz nə olursa olsun, gördüyünüz işə diqqət və yaradıcı yanaşmanızla o işi dünyanın ən yaxşı işinə çevirərsiniz. İşiniz kağız üzərindəki vəzifə təlimatından kənara çıxıb məna və dəyər qazanmalıdır. İşlərini belə görən şəxslər həyatlarına məna qatarlar və daha xoşbəxt olarlar.

Çalışmaq, qurmaq və başqalarına yararlı olmaq, insana bir xoşbəxtlik yaşadır. Ən xoşbəxt insanlar gördükləri işə məna yükləyən və işlərini bir missiyaya çevirən şəxslərdir.

TAPŞIRILMIŞ NAMİZƏDLƏR!

Screen Shot 2016-02-06 at 3.20.08 PM

İşəqəbulçuların ən sıxlıqla yaşadığı tövsiyə olunmuş namizədlərlə görüş xüsusi maraq yaratmaqdadır.  Yuxarı rəhbərlik tərəfindən tövsiyə olunmuş namizədlərlə müsahibələri çox maraqlı cavablar almaqla yanaşı, onların bir çoxunun İnsan Resurslarında çalışmaq istəməsi bəzən işlədiyim işin ciddiyətinə şübhə ilə yanaşmağıma səbəb olur. Bir işəqəbulçu ilə tövsiyə olunmuş namizəd arasındakı dialoqu diqqətinizə çatdırıram.

İşəqəbulçu – İxtisasınız nədir?

Namizəd– Baytarlıq.

İşəqəbulçu – Niyə bu sahəni seçmisiniz?

Namizəd– Heyvanları və təbiəti sevirəm.

İşəqəbulçu -Universiteti bitirdikdən sonra nə işlə məşğul olmusunuz?

Namizəd– Valideyinimlə heyvandarlıqla məşğul olmuşam.

İşəqəbulçu -Gördüyünüz işi sevirsinizmi?

Namizəd– Heyvanlara və təbiətə qarşı xüsusi sevgim var.

İşəqəbulçu – Hansı sahədə çalışmaq istəyirsiniz?

Namizəd– İnsan Resursları.

İşəqəbulçu – Səbəb?

Namizəd– İnsanları sevirəm.

Screen Shot 2016-02-06 at 3.04.50 PM

Günümüzdə bu halların azalması sevindiricidir. Lakin  bizim əmək bazarında tövsiyə olunmuş bu seqmentə aid namizədlər adətən 21-22 yaşlarında olan xanımlardır. Təcrübəmdə bu cür görüşlərdə aldığım ən maraqlı cavablar bunlardır.

Sual – Niyə İnsan Resurslarında çalışmaq istəyirsiniz?

Cavab-1  Yaxşı söhbət edə bilirəm.

Cavab-2 Digər vəzifələr hansısa bilik istəyir bu sahədə ehtiyac yoxdu (bu cavabı eşidəndə ağlamaq istədim)

Cavab-3 Gəncəm və gözələm

Cavab-4 İnsan Resursları təşkilatın receptionidi. Receptiondə həmişə gözəl xanımlar olmalıdır.

Sonda diqqətinizə çatdırmaq istəyirəm ki, günümüzdə İnsan Resurslarında kifayət qədər potensiallı şəxslər var. Bu sahə 10 il öncə Xarici dillər universitetini bitirmiş xanımların sahəsi olsa da, günümüzdə bu sahə ilə məşğul olan daha güclü bəy və xanım insan resursları peşəkarları var. Bucür vicdanlı gənclər insan reruslarında çalışaraq şəffaflığın təmin olunmasında gecə gündüz çalışmaqdadırlar. Əminliklə bildirmək istəyirəm ki, artıq tövsiyə olunmaq, kiminsə qohumu olmaq kriteriya kimi hesab olunmamaqdadır. Tarixdə qalmış bu seçim üslub, daha bacarıqlı və təşkilata xeyir verəcək namizədlərin işə alınması ilə çoxdan əvəz olunmuşdur. Negativ düşüncələrlə bu kimi dedi qodulara inanmayın. Özünüzü inkişaf etdirin və uğur həmişə sizinlə olacaq.

İş axtarışınızda həmişə yanınızda olan

Mr. Recruiter

 

 

 

 

 

Dəfələrlə CV-i göndərməyimizə baxmayaraq müsahibəyə çağrılmamaq səbəbimiz nələrdir?

Screen Shot 2016-02-06 at 2.23.15 PM

 

Təlim və Seminarlar çox sıxca verilən bir sualla qarşılaşıram.
“Elanda göstərilən kriteriyalara tam olaraq uyğun gəlirəm amma müsahibələr dəvət olunmur. CV-mə inanıram, onların axtardıqları adam mənəm.”
Gün ərzində 100-lərlə CV müraciətləri almaqdayam. İlk öncə bizim əmək bazarında CV-lərdə diqqətimiz çəkən ən maraqlı məqam CV-lərdə olan şəkillərdir. Mənzərədə, tətildə, toydan kəsilmiş şəkillərlə CV-lərini bəzəyən namizədləri günün istənilən vaxtında görməkdəyəm. Texnologiyanın inkişaf edən bu vaxtında, maraqlı şəkilləri artıq selfie çubuqları ilə çəkilən şəkillərlə əvəz ediblər və bu şəkillər xanım namizədlərin CV-lərini bəzəməkdədir.
On-line və ya e-mail vasitəsi ilə müraciətdən sonra adətən avtomatik e-mail almaqla kifayətləndiyimiz olur. Bəzilərimiz üçün bu proses bitməyən və nəticəsini görməkdə aciz olduğumuz bir işəqəbul mərhələsi kimi görünür. Bəzilərimiz üçün isə bu mərhələ dəvət olunmayacağam ideyası ilə göndər düyməsinə basılan ümidsiz, başlamadan bitən bir addım. Bəzilərimiz üçün isə bu mərhələ adi hal aldığından gün ərzində 100-lərlə təşkilata göndərilən ümid dolu, işsizliyin daşını atmaq məqsədi daşıyan bir addımdır. CV göndərmək işəqəbulda olan mərhələlərin start və əsas hissəsi hesab olunmaqdadır. Bu yazıda namizədlərin çox sıxlıqla maraqlandığı, cavabına kitab yaza biləcəyimiz dəfələrlə CV-i göndərməyimizə baxmayaraq müsahibəyə çağrılmamaq səbəbimiz nələrdir sualına aydınlıq gətirmək istədim.
Niyə bizi müsahibəyə dəvət etmirlər?
1- Elanda verilən vəzifənin tələbləri sizdə yoxdursa əmin olun siz dəvət olunmayacaqsınız. Əgər elan peşəkar şəkildə hazırlanılıbsa və tələblər aydın göstərilibsə 5 illik təcrübə axtarışında olan təşkilata təcrübə olmadan müraciət edirsinizsə dəvətə ümid etməyin. Təcrübəmizdə hüquqşünas elanına çilingər kimi çalışmış birinin müraciəti olduğundan, çilingərin alacağı cavab yalnız təşkilatdan gələn auto-reply olacaqdır.
2- Müraciətlərin çoxuna baxdığımızda “Siz mənim CV-mə baxmayın mənim potensialıma baxın” təəsüratı yaradan bir vəziyyət yaranır. Məqsəd daşımayan bu CV göndərən şəxslərin böyük əksəriyyəti elanla ümumiyyətlə tanış olmamaq bir yana, hətta hansı şirkətlərə müraciət etdiklərini belə xatırlamayacaq qədər plansız iş axtarışındadırlar. Təşkilatın sizi axtardığına əmin olduğunuz elanı gördüyünüz zaman onu diqqətlə oxuyaraq açar sözlərlə Cv-lərinizi zənginləşdirməyə çalışın. Əmin olun ki, qarşı tərəf bu açar sözlərlə sizi axtaracaq və siz isə öz dolğun CV-inizlə qarşı tərəfin sizi tapmağına şərait yaradacaqsınız.
3- Müasir İşəqəbul idarəetməsində avtomatik proqramlar vasitəsi ilə proseslər şəffaflaşmış və daha sadələşdirilmişdir. Qarışıq yazılarla yazılmış müraciətiniz avtomatlaşdırılmış proqramlarla idarə edilən işəqəbul prosesində uyğun olmamanıza səbəb olacaqsınız. Aydın və anlaşılan müraciətə diqqət edin.
4- Müraciətiniz dürüst olmalıdır. Yalan məlumatlardan uzaq durun.
5- CV-ə qoyulan şəkillərə diqqət edin. Fotonun gözəlliyindən daha çox məlumatın dolğunluğuna diqqət edin. Standartlarda fotonun olmağına ehtiyac yoxdur.
6- İş axtarmağın özünün bir iş olduğunu unutmayın. Özünüzü düzgün analiz edin, hansı təşkilatda, hansı şərtlərlə işləmək istədiyinizi müəyyən edin. Əgər aktiv iş axtaransınızsa hər gün iş elanlarını izləyin. Elanın günlər öncə çıxmağına baxmayaraq hər an elan mətnində müəyyən dəyişikliklər edilə bilər.
7- Göndər düyməsinə toxunduğunuz an müraciətiniz bir elana başvuran 600-700 müraciətlə yarışdığını unutmayın. Yalnız pozitiv və hədəf yönümlü müraciətlər dəvət olunanlar siyahısında olacaqdır. 600 müraciətin hamısı işəqəbulçu tərəfindən baxıldığını düşünsəniz ən yaxşı ehtimalla 100 müraciətçi ilkin seçim hədəfinə girəcəkdir. Digər işqəbul prosesləri nəticəsində 6-7 nəfər seçiləcək və prosesin sonunda 1 nəfər işə alınacaqdır. 95-99 % arası bu şəxs bu təklifi qəbul edəcəkdir. Optimist göstərilən bu rəqəmlərdə belə, şansınızın nə qədər zəif olduğunu müşahidə etmək heç də çətin deyil.
8- Müraciətlər bəzən elə hazırlanılır ki, işəqəbulçunun hər bir müraciətə 5 dəqiqə sərf etdiyi düşünülür. CV-lərin baxılması saniyələrlə ölçülür. Yəni işəqəbulçu hər hansısa bir roman oxuyurmuş kimi sizin müraciətinizi oxumayacaqdır buna əmin ola bilərsiniz.
9- Hər elana müraciət edənlər. Bugün elanın verilməsi ilə bərabər daxil olan müraciətlərə baxıldıqda həm satış, həm mühasib, həm hüquqşünas, həm HR olaraq özünü uyğun görən və eyni anda hər birinə CV göndərən namizədləri görmək olur. Bu halda CV-niz diqqətə alınmama ehtimalı vardır.
10- Daxil olan müraciət sayının çoxluğu işəqəbulçu tərəfindən baxıldığı zaman bütün müraciətlərin baxılması tamamlanmır və bu halda vakansiya bağlandıqdan sonra digər şəxslər ehtiyatda qalmış olur. Bugün hələ də bəzi öndə gələn şirkətlər işəqəbulun avtomatlaşdırmasından və proqlaşdırmadan istifadə etmədiyindən bu kimi problemlərlə üzləşməkdədir.
11- Elanlara diqqət etsəniz görəcəksiniz ki, mövzu yerində vəzifənin adını qoymağınızı tələb edirlər. Bunun səbəbi ondan ibarətdir ki, mövzu yerində eyni vəzifələr yazılan müraciətləri filtr etmək və ayırmaq daha asandır. Digər bir dillə desək boş və digər yazılarla göndərilmiş müraciətlərin diqqətə alınmama ehtimalı vardır. Adətən işəqəbulçular outlookda xüsusi qayda qoyaraq eyni mövzu yazmış müraciətləri bir fayla toplayırlar və siz bunu yazmamısınızsa heç ilkin baxışa düşmək ehtimalınız belə olmur. Hətta elan Azərbaycan dilindədirsə məsləhət görülür ki, tələb olunan vəzifənin adını Azərbaycan dilində qeyd edəsiniz və ya əksi də keçərlidir.
Göstərilmiş siyahını uzatmaq mümkündür. Çünki hazırlamış olduğunuz ideal CV-nizin belə əksik tərəfləri çoxdur.
Sonda qeyd etmək istərdim ki, işəqəbul müsahibələrinin əsasını ünsiyyət təşkil edir. İşə müraciətiniz zamanı CV-nizi oxuyan qarşı tərəf sizi tanımadan sizinlə ünsiyyətə girmiş olur. Bu ünsiyyəti pozitiv yekunlaşdırmaq üçün sağlam və məntiqli kommunikasiya metodunu seçin, sizin əvəzinizə ünsiyyət qura biləcək CV-yə sahib olun.

Ugurlarla
Mr. Recruiter

İSTƏDİYİNİZ İŞİ TAPMAQ ÜÇÜN SİRR

ish axtarmaq

İnsanlarla görüşdüyümüz zaman vəya müraciətlər zamanı namizədlərin plansız iş axtarışlarının şahidi oluram. Hər il minlərlə yeni gənc iş dünyasına girmək üçün üniversitetlərin qapılarından real əmək bazarına çıxmaqdadır. Yüzlərlə xaricdə təhsil almış gənclərin vətənə dönməsi, işindən məmnun olmayan gənclərin digər bir iş axtarışı, müdiri ilə problemi olan bir gəncin yaxşı müdir axtarışı və s. kimi səbəbdən əmək bazarında olan bu şəxsləri də əlavə etdiyimiz zaman istədiyiniz işi tapmaq həqiqətən çox çətin bir prosəsə çevrilir. Digər dillə desək, əmək bazarındakı güclü rəqiblərlə mübarizə heç də asan olmur.
Sözünü etdiyimiz bu şəxslərin böyük əksəriyyəti iş tapmaq üçün düzgün strategiya seçməməsi vəya məlumatsız olması məni daha çox təəcübləndirməkdədir. İş axtarışında olanların böyük əksəriyyəti yalnız elan olunmuş vakansiya axtarışındadırlar. Elanı gördükləri zaman günlərlə susuz və ac buraxılmış bir insan kimi şirkətlərə yüzlərlə CV göndərərək ümidli namizədlərə çevrilirlər. Nəticə etibarı ilə məlumatları yoxdur ki, işəqəbulçuların stolu üzərində məhdud sayda müraciətlər var. Bir çoxumuz işi ele bu cür axtarmışıq və günümüzdə də bu yolla axtarışımızı davam etdirməkdəyik. Dostlar sizə bəd xəbərim var bu üsulla axtarışınızı şansa buraxmayın. İş axtararkən bəzilərimiz axtardıqlarını sürətli şəkildə əldə edir və bəzilərimiz üçün isə bu proses həddən artıq uzun çəkir. Bir çox şəxs isə bunu şans adlandırırlar. Bunun şansla heç bir əlaqəsi yoxdur. Bu proses səbr və peşəkarlıq tələb edir. Təcrübəmdə kifayət qədər güclü universitet məzununun vetnamka, sexy boy/T-shirt ilə müsahibəyə gəldiyini görmüşəm. Bu namizədlə görüşün üzərindən 5 il keçsədə, o hələ iş tapa bilməyib və hələ də şansının olmamasında gileylənir. smile emoticon

Təqdim edəcəyim üsullar bir çox karyera peşəkarları tərəfində tövsiyyə olunmuşdur və sizin iş axtarışlarınızı daha məqsədli və nəticədə daha uğurlu olma imkanları yaradacaqdır.

1- Sizə kömək edə biləcək şəxsləri tapın. İş axtarmağın özü bir işdir. Bu iş, elanı görüb CV göndərərək və hər hansısa gələcək bir cavabı gözləmək deyil. Birinci məsləhətim iş axtarışında uğur qazanmış şəxsləri tapın. Faktiki olaraq çalışan şəxslərlə münasibət qurmağınız sizə real vakansiyaların mövcudluğundan xəbərdar olmağa yardımçı olacaqdır. Bu bir reallıqdır ki, bir çox işqəbulçuların zamanla güclü ehtiyat CV bazası formalaşmaqdadır. İşəqəbulçular özləridə iş axtarışında olanlarla mütamadi kontaktda olmağa üstünlük verirlər. Misal olaraq Linkedİn və digər sosial şəbəkələr vasitəsi ilə dostluq saylarını artıran işəqəbul menecerləri mövcuddur. Mütəmadi əlaqələrlə onlarların CV bazasına düşmə imkanı qazanacaqsınız. Peşəkar tövsiyyə isə digər üsuldur ki, ən azından obyektiv seçimlərə girə bilmək imkanı əldə edəcəksiniz. Günümüzdə elana çıxan vakansiyaların sayı azalmaqdadır, təşkilatlar sosial şəbəkələrdə səhifələri vasitəsi ilə elanları kütləviləşdirirlər. Bu elanlar sosial şəbəkələrdə qısa zamanda yayılaraq əlçatan bir vakansiyaya çevrilir. Sizə kömək edəcək olan şəxslər passiv işqəbulla məşğul olduqlarından bu tip şəxləri izləməkdə fayda görürəm.
Bəzi namizədlər bu işi qabardaraq gecə saat 12-00, 01-00, 02-00 də şəxsi e-maillər yazaraq istəkli olmaqlarından bəhs edirlər. Çalışın iş vaxtında bu tipli yazıları yazasınız.
Bəziləri isə hansısa bir üsulla əlaqə nömrəsini əldə edərək, zəng etməklə deyil də whatsappda mesaj yazaraq hər hansısa bir münasibət qurmağa çalışır. Bu halda blok olunmaqdan əlavə olaraq, şəxsiniz adına mənfi fikirlərin formalaşmasına səbəb olur. smile emoticon

2- Marketinq Kampaniyası aparırcasına iş axtarın. Ənənəvi iş axtarışı metodu açıq olan vakansiyalara müraciət formalarını dolduraraq göndərməkdir. Ancaq minlərlə namizəd bu metoddan istifadə etdiyi üçün hesaba almadığınız qədər çətin prosesə girmiş olursunuz.
Bu halda sual yaranmaqdadır, bəs biz necə müraciət etməliyik?. Cavab çox sadədir. Əgər seçim və uğur qazanmış tək namizəd siz olmaq istəyirsinizsə, elana çıxacaq vakansiyadan öncə siz bazarda olmalısınız. Yəni reklam olunacaq elandan öncə siz özünüzün reklamı ilə məşğul olun. Bugün bazarda çalışdığım təşkilatda işləmək istəyən bir çox namizəd bu metodla bizim işəqəbul edəcək favorit namizədlər siyahımızdadırlar. Onlar sizi tapana qədər siz onları tapın.
3- Araşdırma edin. Özünüzü vəzifəyə vəya elana uyğunlaşdırmaq yerinə karyera hədəflərinizə uyğun vəzifələri axtarın.
4- Hər zaman hazırlıqlı olun. Yuxudan oyanan kimi müsahibəyə hazır olun. Fürsətlər nadir halda qucağınıza düşür və gələcək hər-hansısa bir fürsəti qaçırmayın. Günorta saat 12-00 də müsahibə üçün zəng zamanı yuxulu səslə danışmaq heç də qarşı tərəfdə yaxşı düşüncə formalaşdırmayacaqdır. Azərbaycan bazarında bəzi namizədlər varki, onlara zəng etidiyinizdə çayxanada domino səsindən namizədi eşitmək mümkün deyil. Bəzən isə namizədin yanında olan şəxs oyun bağlıdır deyə qışqırması sizin haqqınızda oyunçu aparsın düşüncəsi formalaşdırır. Yaxşı domina oyunçusu olmaqdansa yaxşı namizəd və peşəkar iş axtaran olun. smile emoticon
5- Bir plan hazırlayın. İş axtarma prosesini plan halına çevirin. Bir strategiya yaradın, hədəflərinizi müəyyən edin.

6- Müsahibədən sonrakı mərhələni mütləq izləyin. Müsahibəyə girib mərhələlərdə iştirakdan əlavə olaraq daimi olaraq izləmə vəziyyətində olun. Müəyyən zaman sonra e-mail vasitəsi ilə əlaqə yaratmağa çalışın. Bunun peşəkar üslübda olması çox mühimdir.

7- Daim pozitiv olun. Siz işsiz dostlarınızla vaxt keçirdikcə bir birinizi negativ enerji ilə yükləməkdəsiniz. Özünüzdən də asılı olmayaraq müsahibələrdə bu neqativlik və aqressiya hiss olunur. Daim özünüzü pozitiv halda saxlayın.

8- Özünüzə qiymət verin. İki tip iş axtaranlar var. Biri həddən artıq rahat olanlar digəri isə panika halında nəfəs almadan iş axtaranlar. Məntiqli hərəkətə üstünlük verin. İş axtarmaq o demək deyil ki, oyaq olduğunuz hər dəqiqə harasa CV göndərməlisiniz. Fasilə vermək hər zaman müsbət haldır, çalışın sizə motivasiya verəcək şəxslərlə görüşün.

9- İş axtarışında sadə və effektiv metodun seçin. Bir çoxlarımız işə müraciət edirik və müəyyən zaman sonra bizə zəng gəlir və müsahibəyə dəvət olunuruq. Müsahibə uğurla keçmədiyi təqdirdə və bu hal dəfələrlə təkrarlandığında iş axtarışında olan şəxslər ümidsizliyə düşürlər. Digər məqam isə görüşdüyünüz təşkilatı bəyənməmək kimi hallardır. Hər iki halda ümidsizliyə düşürsünüz amma unutmayın hər iki hal təşkilatla münasibətin qurulmasıdır. Sizi sadə və effektiv iş axtarışınızda kömək edəcək bu münasibətdən yararlanmağa çalışın. Çalışmayacağınız təşkilatdan belə zəng gəlsə xoş münasibət qurmaq üçün görüşlərə getməyə çalışın. Xoş münasibətlər digər təşkilatlara tövsiyyə olunmanız üçün kömək ola bilər. İnsan Resursları əməkdaşları bir birilərindən potensiallı şəxsin axtarışında kömək istəyirlər. Bu metodla tanış olacağınız şəxs tərəfindən hər hansısa bir təşkilata tövsiyyə oluna bilərsiniz və bu sizin arzuladığınız bir iş ola bilər. Əsas olan müsanibətlərin xoş keçməsidir.
Hər birinizə iş axtarışınızda uğurlar arzulayıram.