PANEL MÜSAHİBƏLƏRİN SÜRPRİZ SUALLARI

 

Screen Shot 2016-02-27 at 10.15.06 PM

İnternetin bu qədər yayıldığı zamanda sirr kimi qalan müsahibə sualları deyilən yanaşma da yoxa çıxmağa başlayıb. Elə bir neçə il əvvəl müsahibədən çıxan şəxslərə adətən belə suallar yönləndirilərdi. Nə sual soruşdular, nə danışdınız, necə keçdi? İndi isə belə bir sirr qalmayıb. Çünki müsahibələrin müəyyən qəlibi var və çıxan suallar çox zaman eyni və ya bənzər olur. Yəni əvvəlcədən hazırlanmaq çox işi həll edir deyə bilərik.

Günümüzün insan resursları idarəetməsində bir çox təşkilatlar işəqəbul qaydalarının daha da obyektiv olması üçün işəqəbul qərarlarının bölüşdürülməsinə çalışırlar. Beləki, ilkin testləşmə və ya ilkin müsahibə mərhələsindən sonra panel müsahibə adı verdiyimiz müsahibədən istifadə edərək işçi tələbini keçən səlahiyyətli struktur RƏHBƏRİ və digər üzvlərin iştirakı ilə bu işəqəbul qərarlarını bərabər verirlər. Məsuliyyəti aralarında bölüşdürmüş olurlar. Səs və verilən qiymətin çoxluğunu əldə edən şəxs işəqəbul olunur. Bu müsahibə metodu obyektivliyi təmin etdiyi qədər, bəzi gülməli hadisələri də özündə gətirir.

Çox rəhbər insan resursları əməkdaşı olmadığı üçün verilən suallarda istiqamətlənməni və məqsədi çox zaman itirirlər. Mənasız suallarla namizədləri çıxılmaz vəziyyətdə qoyurlar. Bəzən belə suallardan sonra namizədi belə itirmişik. Təcrübəm boyunca sözünü etdiyim rəhbərlərlə çox müsahibədə iştirak etmişəm və onların verdikləri sualları diqqətinizə çatdıraraq üzünüzdə bir azda olsa təbəssüm yaratmaq istərdim.

Hörmətli namizədlər, siz bizim yazıları oxuyaraq müsahibədə çıxacaq suallara hazır olduğunuzu düşünürsünüz amma əsas sürpriz suallar, çalışacağınız rəhbərlərdən gələ bilər. 🙂

Bomba sual#1 – Coca-cola yoxsa Su?

Bu sual işçi axtardığımız bir departamentin rəhbərinin favorit sualı idi. Bəlkə 100 dəfə bu sualı namizədə verilərkən eşitmişəm. Neçə illər keçməyinə baxmayaraq hələ də cavabın cola olduğunda və ya su olduğunda nə məna verdiyini tapa bilmirəm. Bu arada onun özündən soruşduğumda da cavab verə bilməmişdi. 🙂

Bomba sual#2 – Məni necə təəccübləndirə bilərsiniz?

Yurdumun insanının yaradıcılığına qəti şübhəm yoxdur. Bu sual qarşısında Departament direktorlarını təəccübləndirən o qədər insan görmüşəm bir bilsəniz. Azərbaycan himni oxuyan kim, Rəşid Behbudovdan Küçələrə su səpmişəm oxuyan kim. 🙂

Bomba sual#3 – Mənə hal-hazırda masanın üzərindəki əşyalardan birini sata bilərsinizmi?

Keçmiş çalışdığım təşkilatda bu sual department rəhbərləri tərəfindən çox yayqın şəkildə istifadə olunurdu. 4 saniyədə bir stol, 3-5 qələm, bir neçə kağız A4 və heç biri sənə aid olmayan otaq? Teatrdımı yoxsa iş görüşməsidirmi sualını yaradan bu anda namizədlərin vəziyyəti heç də asan olmur.

Bomba sual#4 – 11 X 11 =?

Sualı verməmişdən qabaq bir CV-yə bax bə direktor. J Adam tətbiqi riyaziyyat məzunudur. Bu arada bu suala çaşıb səhv cavab verənlərdə var.

Bomba sual#5 – Azərbaycan himninin sözlərini kim yazıb?

Bu sualı yeni məzun olmuş birinə sual verə bilərsən amma şöbə müdiri vəzifəsinə gələn, 8 illik təcrübə filan olan adama verilməsi düzgün deyil axı. Təcrübəmdə bu sualla qarşılaşan şöbə müdiri namizədi olub ki, suala düzgün cavab verib, lakin sonra iş təklifində imtina etmişdi. Səbəb o qədər dərin zəkalı direktorla işləmək istəməmək idi.

Departament və ya struktur rəhbərləri çalışacağı əməkdaşı seçə bilmək bacarığına sahib olmalıdırlar. 20-30 dəqiqəlik müsahibə zamanı bir insanı tanımaq üçün qısA vaxtdır. Buna görə də vaxtı sizə heç bir məlumat verməyəcək suallarla keçirərək yanlış adamı işə almayın. Sizin işinizin düzgün getməsi üçün düzgün adamı işə almaq lazımdır.

Bir şərh yazın